Su azaldıqca münaqişələr artır | Qazaxıstandan baxış

   Su azaldıqca münaqişələr artır    | Qazaxıstandan baxış
  06 Sentyabr 2023    Oxunub:4998
Ayjan Skakova
Qazaxıstan Respublikası Parlament Məclisi İctimai Palatasının ekologiya üzrə eksperti, coğrafiya elmləri namizədi
AzVision.az üçün

BMT-nin 2020-ci il üzrə Dünya Su Ehtiyatları haqqında Hesabatına əsasən, son əsr ərzində sudan qlobal istifadə hər il təxminən 1% artaraq altı dəfə çoxalıb. Bu göstəricinin çoxalmaqda davam etməsi nəticəsində milyardlarla insanın su və sanitariya hüququnun səmərəli həyata keçirilməsi risk altına düşə bilər.
Ərzaq təhlükəsizliyi, insan sağlamlığı, şəhər və kənd yaşayış məntəqələri, enerji, sənayenin inkişafı, iqtisadi artım, ekosistemlərin dayanıqlığı su ehtiyatlarından asılıdır. Ekosistemin deqradasiyası təkcə biomüxtəlifliyin itirilməsi ilə nəticələnməyəcək, həm də suyun təmizlənməsi, karbon qazının tutulub-saxlanılması, təbii daşqınlardan mühafizə, kənd təsərrüfatı, balıqçılıq və su ehtiyatlarından istifadə kimi xidmətlərinin təmin edilməsinə təsir göstərəcək.

Qərbi Asiya və Şimali Afrika

İqlim dəyişikliyinin təsiri əsasən inkişaf etməkdə olan ölkələrin yerləşdiyi tropik zonalarda hiss olunacaq. İnkişaf etməkdə olan kiçik ada dövlətləri ekoloji və sosial-iqtisadi cəhətdən fəlakətlərə və iqlim dəyişikliyinə həssasdırlar, odur ki, onların çoxu artmaqda olan su problemləri ilə üzləşəcək. Planetdə quraq ərazilərin əhəmiyyətli dərəcədə artması gözlənilir. Buzlaqların sürətlə əriməsi dağlıq rayonların və onlara bitişik ovalıqların su ehtiyatlarına mənfi təsir göstərəcək.

İqlim dəyişikliyinin Afrikanın su ehtiyatlarına təsiri artıq ciddidir, bunu qitənin cənub hissəsində son vaxtlar yağıntıların azalması sübut edir. Bölgədə iqlim dəyişikliyinin təsirlərinə qarşı həssaslıq səviyyələri orta dipazondan yüksəyə doğru dəyişir, şimaldan cənuba doğru artır. Yağış suyu axını, buxarlanma və transpirasiya atmosfer yağıntıları ilə eyni tendensiyaları izləməyə meyllidir. Lakin su qıtlığı buxarlanma və transpirasiyanı məhdudlaşdırır.

İqlim dəyişikliyinin təsirlərinə ən həssas ərazilər Afrika Buynuzu, Sahil bölgəsi və şimali-qərbi Ərəbistan yarımadasıdır. Bunlar regionun ən az inkişaf etmiş ölkələrinin bir neçəsinin yerləşdiyi ərazilərdir.

Avropa, Qafqaz

İqlim proqnozları göstərir ki, Avropanın şimalında yağıntıların artacağını, cənubda isə azalacağını gözləmək lazımdır. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) regionda suvarma, hidroenergetika, ekosistemlər və insan məskənləri ilə bağlı problemlərin pisləşməsi barədə xəbərdarlıq edir.

Latın Amerikası və Karib hövzəsi

İqlim dəyişkənliyi və ekstremal hadisələr artıq bu bölgəyə də ciddi ziyan vurur. Cənubi və Mərkəzi Amerikada kanal axınında və su balansında müşahidə edilən dəyişikliklərin həssas ərazilərdə xüsusilə davam edəcəyi proqnozlaşdırılır.

Su təsərrüfatı sistemlərinə əsas sosial-iqtisadi təzyiqlər sürətli urbanizasiya, iqtisadi inkişaf və bərabərsizlikdir. Bunlara iqlim dəyişikliyinin təsirləri də əlavə olunur. Əksər ölkələrdə hökm sürən yoxsulluq iqlim dəyişikliyi qarşısında müdafiəsizliyi daha da artırır. İqtisadi bərabərsizlik eyni zamanda suya və kanalizasiyaya çıxışda da bərabərsizlik deməkdi. İqlim amillərinin iqtisadi perspektivləri məhdudlaşdırdığı və miqrasiyanı təşviq etdiyi kənd yerləri də müdafizəsiz qalır.

Asiya və Sakit Okean

Asiya və Sakit Okean hövzəsində iqlim dəyişikliyinin su ehtiyatlarına subregional təsirləri ilə bağlı proqnozlar son dərəcə müxtəlifdir. Bu bölgə yoxsullara və əhalinin müdafiəsiz təbəqəsinə əziyyət verən iqlimə qarşı müdafiəsizdir. İqlim dəyişikliyinin su ehtiyatlarına təsiri sənayeləşmə, demoqrafik artım və sürətli urbanizasiya daxil olmaqla suyun keyfiyyətinə və kəmiyyətinə təsir edən sosial-iqtisadi tendensiyalarla daha da güclənir, bu da daşqınlara və sellərə qarşı həssaslığı artırır.

Orta Asiya

İqlim dəyişikliyinin təsirləri və aşağı uyğunlaşma qabiliyyəti ilə bağlı ciddi problemlər regional, milli və aşağı səviyyələrdə su ehtiyatlarına təsir edən mürəkkəb sosial-iqtisadi və siyasi dinamika ilə daha da ağırlaşır. Mərkəzi Asiya regionunda su ehtiyatlarının idarə edilməsi böyük problemlərlə üzləşir. Bölgədəki iki əsas çayın - Sırdərya və Amudəryanın hidroloji rejimləri mürəkkəbdir və iqlim dəyişikliyinə həssasdır. Kənd təsərrüfatı, sənaye və məişət istehlakçıları su bəndlərindən istifadəni azaldıblar, aşağı ərazilərə axınlar azalıb, nəticədə ətraf mühitə ciddi ziyan dəyib.

Mövzu ilə bağlı digər yazılar:
“Qurumuş” rəqəmlər: Su ehtiyatlarımızın nə qədər olduğunu bilmirik – Müsahibə (Video)
“Su stressi” nədir və ondan qurtula biləcəyikmi – Videokast
Su – tükənən resursdur! | Daşkənddən baxış
Özbəkistan su problemini necə həll edir – Müsahibə

Sırdərya və Amudəryada axınların əmələ gəlməsi əsasən qar və buzlaqların əriməsindən asılıdır. Yağıntı səviyyəsinin gələcəkdə necə olacağını proqnozlaşdırmaq çətin olsa da, qlobal orta temperaturun yüksəlməsi ilə bağlı qəti rəy mövcuddur. Hesablamalar göstərir ki, 2050-ci il ərəfəsində Amudərya çayında axınının həcmi 10-15%, Sırdəryada isə 6-10% azalacaq. Nəticədə yüksəkliklərdə yağıntılar artacağından Tyan-Şan və Pamir dağlarında buz həcminin azalması müşahidə olunacaq.

Mərkəzi Asiyada su ehtiyatlarının qıtlığı region ölkələrinin inkişafını məhdudlaşdıran əsas amillərdən biri hesab olunur. Burada gözlənilən su istehlakının artması suvarma, enerji və iqtisadiyyatın digər sektorları arasında regional və yerli səviyyədə su uğrunda rəqabətə səbəb olur. Regionun çay hövzələrindən götürülən suyun 90%-dən çoxu əkinçiliyə sərf olunur. Ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar bu ölkələrin suya ehtiyacı artacaq və region dövlətləri arasında su uğrunda gərginlik yaşanacaq.

Mərkəzi Asiya ölkələri su ehtiyatlarının çatışmazlığı, çirklənməsi və su mənbələrinin tükənməsi ilə bağlı iqtisadi itkilərin qarşısını almaq və azaltmaq yolları axtarırlar.

Buna görə də, iqlim dəyişikliyi şəraitində Mərkəzi Asiyada su ehtiyatlarının idarə edilməsi üzrə ümumi strategiyanın mühüm vəzifəsi uyğunlaşma tədbirlərinin birgə işlənib hazırlanması və su, hidroenergetika və suvarılan əkinçilik üçün ekoloji tələblərlə bağlı region ölkələrinin maraqlarının tarazlaşdırılmasıdır. Aral dənizi hövzəsi ölkələrində su ehtiyatlarının inteqrasiya olunmuş idarəsinin (SEİOİ) tətbiqi – iqlim dəyişikliyinə uyğunlaşma, suyun rasional istifadəsi və mühafizəsi, iqtisadi sektorlarda və hər şeydən əvvəl suvarılan əkinçilikdə suya qənaət edən texnologiyalara keçid, sudan istifadə sahəsində dövlətlərarası əməkdaşlığın gücləndirilməsi, milli və regional səviyyəli enerji resursları üçün zəruri şərtdir.

BMT İnkişaf Proqramının məlumatına görə, son illər regionda iqlim dəyişikliyi getdikcə daha çox nəzərə çarpır: temperatur dəyişməsi, soyuq və isti dalğaları artır, tez-tez quraqlıqlar baş verir, su qıtlığı və su münaqişələri artır. Mərkəzi Asiyanın “su qüllələri” olan Qırğızıstan və Tacikistandakı buzlaqlar azalır. Mərkəzi Asiyanın şirin suyunun təxminən 60 faizinin cəmləşdiyi Tacikistan buzlaqlarının həcmi son bir neçə onillikdə 30 faiz azalıb, mindən çox buzlaq demək olar ki, tamamilə yox olub. Eyni zamanda, son onilliklərdə regionda quraqlıq və toz fırtınaları, demək olar ki, iki dəfə artıb. Ötən yay quraqlıq ölkənin qərbində mal-qaranın tələf olmasına və əkin sahələrinin məhvinə səbəb olub.

Qazaxıstan

Qazaxıstan Respublikasının xüsusi su ehtiyatı ildə 37 min m³/km² və ya adambaşına 6 min m³ təşkil edir. Qazaxıstanın böyük ərazisində yalnız okeana çıxışı olmayan daxili göllərin axınsız hövzələri var. Dağlıq rayonlar istisna olmaqla, atmosfer yağıntıları cüzidir. Çayların ümumi su ehtiyatı 101 km³ təşkil edir ki, bunun da 57 km³ Qazaxıstan ərazisində formalaşır. Qalanı qonşu dövlətlərdən gəlir: Rusiyadan - 8 km³, Çindən - 19 km³, Özbəkistandan - 15 km³, Qırğızıstandan - 3 km³.

Ərazi-coğrafi xüsusiyyətlərinə görə Qazaxıstanın bütün rayonlarının içməli suya bərabər çıxışı yoxdur. Yüksək göstəricilər 3 regiondadır: Atırau (98,5%), Almatı (98,3) və Qızılorda (97,6%) vilayətlərində. Kənd əhalisinin içməli su ilə təminatının ən aşağı səviyyəsi 4 regiondadır: Kustanay (64,7%), Şərqi Qazaxıstan (81,4%), Şimali Qazaxıstan (82,1%) və Cambul (82,2%) vilayətləri. Ən çətin vəziyyət Kostanay vilayətindədir - cəmi 64,7%.

Ölkədə cəmi 6316 kənd var. Bunlardan 3991 kənd mərkəzləşdirilmiş su təchizatı ilə təmin olunub. 403 kənddə blok modulları quraşdırılıb. Hökumətin planına əsasən, 793 (bu il - 148) kənddə mərkəzləşdirilmiş su təchizatının təşkili nəzərdə tutulub. 200 nəfərdən az əhalinin yaşadığı yerdə qalan kiçik kəndlərdə (1129 kənd) kompleks blok modulları (bu il 220) quraşdırılacaq.

Dövlət xeyli tədbirlər görür. Prezident yanında Baş nazirin sədrlik etdiyi xüsusi su təhlükəsizliyi şurası var. Müxtəlif proqramlar, layihələr qəbul edilir, böyük büdcə vəsaitləri ayrılır. 2002-ci ildən başlayaraq bir çox proqramlar həyata keçirilib: “İçməli su”, “Ak Bulak”, Regionların 2020-ci ilədək İnkişaf Proqramı. 2011-2018-ci illərdə regionların inkişafı üzrə Dövlət Proqramı çərçivəsində su təchizatı və kanalizasiya sistemlərinin inkişafına respublika büdcəsindən 589 milyard təngə vəsait ayrılıb və 2015 layihə həyata keçirilib.


Teqlər: Su  





Xəbər lenti